RUSİYA » HADİSƏLƏR
03 Avqust 2021, 17:30 (GMT +4)

Rusiyanın şərqində meşə yanğınlarının sahəsi böyüyür

Bakı, 3 avqust, SalamNews. Rusiyanın şərqində meşə yanğınlarının sahəsi böyüyür. SalamNews xəbər verir ki, alovlar bir milyon hektardan çox ərazini əhatə edib.

Rusiya Federasiyası Federal Meşə Təsərrüfatı Agentliyinin verdiyi məlumata görə, 2 avqust tarixindən etibarən 830 min hektar sahədə yanğınlar davam edir.

Yanğının söndürülməsi davam edir, son 24 saat ərzində 40 ocaqda yanğınları nəzarət altına almaq mümkün olub.

“Avqustun 3-nə olan məlumata görə, 222 yanğın ocağında 1 milyon 71 min 845 hektar sahədə meşə yanğınları davam edir. Yakutiyada 126, İrkutsk vilayətində  50 yanğın qeydə alınıb”, - məlumatda deyilir.

Yanğınların söndürülməsinə 5 minə yaxın insan və yüzlərlə texnika cəlb edilib.