DÜNYA » SİYASƏT
03 Avqust 2021, 14:56 (GMT +4)

Hökumət qüvvələri və yerli könüllülər Hərat şəhərində Talibana müqavimət göstərirlər, onlarla ölən var

Bakı, 3 avqust, SalamNews, B.Samid. Əfqanıstanın qərbində yerləşən ən böyük şəhərdə Talibanla hökumət qüvvələri və könüllü dəstələr arasında qızğın döyüşlər gedir. 

SalamNews Əfqanıstan mətbuatına istinadla xəbər verir ki, Hərat şəhəri yeddi gündür ki Taliban silahlılarının mühasirəsindədir.

Artıq döyüşlər şəhərin şərqindəki rayonlara sirayət edib.

Məlumata görə hökumət qüvvələri və könüllü dəstələr son bir həftədə yüzdən çox itki verib.

Eləcə də durmadan Taliban silahlılarına hava zərbələri endirilir.

Hökumət mənbələri təkcə bu gün Həratın şərqində Talibanın 34 silahlısının öldürüldüyünü bildirirlər.

Bildirək ki, son 4 ayda əcnəbi qüvvələrin Əfqanıstandan çıxması fonunda ölkənin yüzdən çox rayon mərkəzi Talibanın nəzarətinə keçib.