DÜNYA » SİYASƏT
14 Avqust 2021, 12:34 (GMT +4)

Husilər Səudiyyə koalisiyasının PUA-sını vurublar

Bakı, 14 avqust, SalamNews, B.Samid. Husilər Yəmənin Mərib əyaləti səmasında Səudiyyə Ərəbistanı koalisiyasının ABŞ istehsalı olan bir PUA-sını vuraraq salıblar.

SalamNews xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi Yəhya Səri rəsmi tvitter səhisəfsində yazıb.

Bildirilib ki, Mərib əyaləti səmasında ABŞ istehsalı olan “Scan Eagle” PUA-sı vurularaq yerə salınıb.

Y.Səri vurulan PUA-nın videogörüntülərinin yayımlanacağını bildirib.

Qeyd edək ki, hazırda Yəməndə ən şiddətli döyüşlər Mərib əyalətində gedir. Əyalətin mərkəzi Mərib şəhəri bir neçə istiqamətdən husilərin mühasirəsinə düşüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.