DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 15:26 (GMT +4)

Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

Bakı, 18 sentyabr, SalamNews, B.Samid. Suriya Ordusu ölkənin cənubunda yerləşən Dəra əyalətində Təfas qəsəbəsini nəzarətə götürüb.

SalamNews SANA-a istinadla xəbər verir ki, Suriya Ordusu 10 ildən sonra Dəra əyalətinin Təfas qəsəbəsinə daxil olub.

Məlumata görə Rusiya Sülh Mərkəzinin vasitəsiliyi ilə baş tutan danışıqların nəticələrinə görə, qəsəbədə olan silahlılar silahlarını təhvil verib, bir qismi isə bölgəni İdlib istiqamətində tərk etməyə razı olublar.

Bundan öncə Suriya Ordusu eyni minvalla Dəra əl-Bələd şəhərinə daxil olmuşdu.

2018-ci ildə ordunun irəlilədiyi zaman əyalətdə olan qruplaşmaların böyük hissəsi ağır silahlarını təhvil verərək, İdlibə getmişdilər.