DÜNYA » SİYASƏT
21 Sentyabr 2021, 11:52 (GMT +4)

ABŞ və Britaniya İrandan nüvə sazişi ilə bağlı danışıqlara qayıtmağı istəyiblər

Bakı, 21 sentyabr, SalamNews, B.Samid. ABŞ və Britaniya xarici işlər nazirləri İrandan, nüvə sazişinin bərpası məqsədilə aparılan danışıqlara qayıtmağı istəyiblər.

SalamNews xəbər verir ki, bu barədə ABŞ və Britaniya xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

BMT Baş Assambleyasının iclası çərçivəsində Nyu-Yorkda görüşən ABŞ və Britaniya XİN rəhbərləri birgə bəyanat verərək, İrandan istəyiblər ki, nüvə sazişinin bərpası məqsədilə aparılan danışıqlara geri dönsün.

Qeyd edək ki, bu danışıqlar İranda prezident seçkilərinə görə dayanıb. Danışıqların carı ayın sonunda başlayacağı deyilirdi.

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.