AZƏRBAYCAN » SİYASƏT
24 Sentyabr 2021, 10:53 (GMT +4)

İran İslam Respublikası həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib – İran XİN rəhbəri

Bakı, 24 sentyabr, SalamNews, B.Samid. İranın xarici işlər naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib və üçüncü qüvvələrin iki ölkənin münasibətlərinə mənfi təsir göstərməsi barədə ayıq-sayıq olmağa çağırıb.

SalamNews mfa.ir-ə istinadla xəbər verir ki, İranın xarici işlər naziri bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

İki ölkənin XİN rəhbərləri Nyu-Yorkda BMT-nin Baş Assambleyasının iclası çərçivəsində görüşərək, qarşılıqlı əlaqələri və bir sıra region və beynəlxalq məsələləri müzakirə ediblər.

İran XİN rəhbəri bildirib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib.

Onun sözlərinə görə, iki ölkə münasibətlərinə mənfi təsir göstərən üçüncü qüvvələr var və onlara imkan vermək olmaz.

Hüseyn Əmir-Abdullahiyan beynəlxalq instansiyalarda hər iki ölkənin bir-birinə dəstək verməsini müsbət qiymətləndirib və bunun davam etdirilməsini istəyib.

Eyni zamanda ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov da İran, Azərbaycan və Türkiyənin üçtərəfli görüşünün Tehranda keçirilməsini alqışlayıb. C. Bayramov Azərbaycanın ərazibütövlüyünü dəstəklədiyinə görə iranlı həmkarına təşəkkür edib.

İran Xarici İşlər Nazirliyinin saytının məlumatına görə tərəflər bu görüşdə, Xəzərdə müştərək layihələr haqda fikir mübadiləsi aparıblar, eləcə də son günlərdə İran yük maşınları ilə bağlı məsələləri müzakirə ediblər.