AZƏRBAYCAN » İQTİSADİYYAT
24 Sentyabr 2021, 16:05 (GMT +4)

Dövlət Gömrük Komitəsi və Diaspor Komitəsi Anlaşma Memorandumu imzalayıb

Bakı, 24 sentyabr, SalamNews. Bu gün Dövlət Gömrük Komitəsi (DGK) ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

SalamNews bu barədə DGK-ya istinadən xəbər verir.

Məlumata görə, Komitədə baş tutan tədbirdə sədr Səfər Mehdiyev bildirib ki, diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədinə çatmaq üçün dövlətimiz böyük yol qət edib.

Prezidenti İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atıblar.

S.Mehdiyev vurğulayıb ki, diaspor quruculuğu dövlətçilik siyasətinin çox mühüm hissəsini təşkil etdiyi üçün DGK da bu işlərə öz töhfəsini əsirgəmir. Komitə indiyə qədər həm ölkə daxilində, həm də xaricdə gerçəkləşdirilən tədbirlərdə, xüsusilə, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlər zamanı təşkil olunan sərgilərdə ölkəmizin mədəni-tarixi irsinin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparıb-deyə sözünə davam edən DGK sədri gələcəkdə bu kimi tədbirlərin Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkilinin əhəmiyyətindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələnin başladığını vurğulayıb. Komitə sədri xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, Vətən müharibəsi dövründə və müharibədən sonra gördükləri işləri yüksək qiymətləndirib.

F.Muradov DGK ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının faydalılığına əminlik ifadə edərək, Anlaşma Memorandumunun xaricdə yaşayan azərbaycanlıların yaratdıqları diaspor təşkilatlarının fəaliyyətlərinə kömək göstərilməsi işində müsbət rol oynayacağını qeyd edib.

Sonra Anlaşma Memorandumu imzalanıb.

Sənədi S.Mehdiyev və F.Muradov imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, DGK Azərbaycan mədəniyyəti və tarixininin təbliği, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş təbliğat və təşviqat materialları ilə Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edəcək. Diasporla İş üzrə Dövlət Komitəsiisə həmin materialların xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları və dost ölkələrin diaspor təşkilatlarına çatdırılmasını həyata keçirəcək.

Tərəflər nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı müvafiq mövzu və sahələr üzrə təhlillərin və məsləhətləşmələrin aparılması, işçi qrupların yaradılması, məlumat və təcrübə mübadilələrinin təşkili, habelə fəaliyyət istiqamətlərinə uyğun digər əməkdaşlıq vasitələrindən istifadə edəcəklər.

Mərasimin sonunda tədbir iştirakçıları təqdim olunan təbliğat və təşviqat materialları ilə tanış olublar.