RUSİYA » SİYASƏT
24 Sentyabr 2021, 15:58 (GMT +4)

Peskov ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyalarından danışıb

Bakı, 24 sentyabr, SalamNews. ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyalar qəbul etməsi "Cenevrə ruhunu" və ölkələr arasında dialoqun bərpasına ümidləri pozacaq. 

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bu şəkildə ABŞ Nümayəndələr Palatasının Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla müdafiə büdcəsini təsdiq etmək qərarına münasibət bildirib.

Peskovun fikrincə, Ağ Ev tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsi iki dövlət arasındakı əlaqələrin inkişafı üçün ən pis seçim olardı.

"Bu qanun layihəsi daha bir neçə mərhələdən keçməli olacaq və daha sonra administrasiyanın  sanksiyalarla bağlı bu tövsiyələrə riayət edib-etməyəcəyi ilə bağlı sual yaranacaq", Peskov bildirib.