DÜNYA » SİYASƏT
25 Sentyabr 2021, 09:43 (GMT +4)

Fələstin lideri İsraildən bir ilə İordan çayının Qərbindən çıxmağı tələb edib

Bakı, 25 sentyabr, SalamNews, B.Samid. Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas, İsraildən cəmi bir il ərzində 1967 -ci ilin sərhədlərindən geri çəkilməyi tələb edərək, dünya dövlətləri və beynəlxalq təşkilatlara çağırış edib. Mahmud Abbas bu çağırışla, İsrailin real və ciddi bir sülh təşəbbüsünü rədd etdiyini dünya ictimaiyyətinə çatdırmaq istəyir.

SalamNews Fələstin Media Mərkəzinin saytı palinfo.com-a istinadla xəbər verir ki, Mahmud Abbas bu çağırışı ötən gün BMT Baş Assambleyasının iclasında çıxışı zamanı edib.

İsrailin BMT qərarlarına (BMT qərarları İsraildən 1967-ci ilin sərhədlərinə geri çəkilməyi tələb edir) məhəl qoymadığını dünya ictimaiyyətinə isbat etmək istədiyini deyən Mahmud Abbas bildirib ki, onda bu dövlətə ərazilərdən çıxmağa görə sınaq üçün bir il möhlət verilsin.

“İsrailin işğal olunmuş ərazilərdən geri çəkilmək üçün bir ili var və bunu həyata keçirmirsə, niyə tanınma məsələsi 1967 -ci il sərhədləri əsasənda qalır?!”, deyə Mahmud Abbas heç kimin BMT qərarlarına əhəmiyyət vermədiyini bildirib.

Mahmud Abbas bu çıxışında İsrailin Qüdsdəki Fələstin əhalisini Şeyx Cərrah və Silvan kvartallarındakı evlərindən qovmağa çalışdığını vurğulayıb.

"Ailəm və mən də, bir çoxumuz kimi, Birləşmiş Millətlər Təşkilatının qeydlərində sənədləşdirilmiş 73 il əvvəl xalqımızın qovulduğu torpaqlara sahibik. Evlərimizin açarlarını saxlamışıq. Ora qayıtmalıyıq. İsrail bu qaçaınların qayıtma hüquqlarını da tanımır. Halbuki BMT TŞ-nın bu haqda qərarları var",  deyə Fələstin Muxtariyyətinin lideri qeyd edib.