DÜNYA » SİYASƏT
27 Sentyabr 2021, 10:55 (GMT +4)

Ərdoğan: Türkiyə ABŞ qoşunlarının Əfqanıstandan sonra Suriya və İraqı tərk etməsini istərdi

Bakı, 27 sentyabr, SalamNews. Ankara, ABŞ əsgərlərinin Əfqanıstanı tərk etdikləri kimi, Suriya və İraqdan da çıxmasını istəyir.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın "CBS" telekanalında yayımlanan müsahibəsində deyib.

"Əlbəttə ki, bir seçimim olsaydı, Əfqanıstanı tərk etdikləri kimi Suriya və İraqdan da ayrılmalarını istərdim", müvafiq suala cavabında Ərdoğan deyib.

"Çünki dünyada sülh qurmaq niyyətindəyiksə, dünyanın bu bölgələrində qalmağın mənası yoxdur, sadəcə bu xalqlara, bu administrasiyalara öz qərarlarını qəbul edə bilmək imkanı verə bilərik", Ərdoğan bildirib.

"Türkiyə Suriyada ABŞ-ın yerini almaq niyyətindədirmi?" sualını Ərdoğan belə cavablandırıb:  "Tamamilə açıq və vicdanla söyləyim: heç vaxt bizim qalmağımızı istəmədikləri yerdə qalmayacağıq, heç vaxt xoş üzlə qarşılanmadığımız yerdə olmayacağıq".