AZƏRBAYCAN » İDMAN
27 Sentyabr 2021, 18:00 (GMT +4)

"Keşlə" klubu şəhid azarkeşin xatirəsini yad edib

Bakı,  27 sentyabr, SalamNews, R.Nadirli. Azərbaycan xalqı 27 Sentyabr Anım Gününü qeyd edir.

SalamNews xəbər verir ki, bu əlamətdar tarixi günlə əlaqədar ASK Arena stadionunda şəhid İsrayıl Cəfərzadənin xatirəsinə həsr olunmuş dostluq görüşü keçirilib. Görüş "Keşlə"nin U-17 və U-19 komandaları arasında təşkil olundu. Oyundan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xatırladaq ki, 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuş İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdi. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdu. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra “Vətən uğrunda”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

Oyundan sonra keçirilən görüş iştirakçılarının mükafatlandırma mərasimində "Keşlə"nin İdarə Heyətinin sədr müavini Elşan Abasov klubun sadiq azarkeşi olmuş İsrayıl Cəfərzadənin əziz xatirəsinin ehtiramla yad olunduğunu və qəhrəman övlad böyütdüklərinə görə şəhidin valideynlərinə minnatdarlığını bildirdi.

Şəhidin atası Namiq Cəfərzadə övladının xatirəsinə göstərilən ehtirama görə "Keşlə" rəhbərliyinə və dostluq görüşündə iştirak edən komanda üzvlərinə təşəkkürünü bildirdi.

Sonda "Keşlə"nin məşqçi heyəti və üzvləri hər iki komandanın üzvlərinə fəxri diplom təqdim etdilər.