AZƏRBAYCAN » SİYASƏT
28 Sentyabr 2021, 14:58 (GMT +4)

İran XİN prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirib

Bakı, 28 sentyabr, SalamNews, B.Samid. “İki ölkə arasında yaxşı və ehtiramlı əlaqələrin olduğu və tərəflər arasında normal əlaqə yollarının mövcud olduğu halda, bu üslubla bəyan etmək təəccüblüdür.”

SalamNews Mehr-ə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son açıqlamalarına münasibət bildirən İran XİN sözçüsü, bunu “təəccüblü” adlandırıb.

“Bu və digər məsələlərlə bağlı iki ölkənin xarici işlər naziri BMT Baş Assambleyasında  ciddi və dəqiq məsləhətləşmələr aparıblar və razılıq əldə edilib ki, münasib platformada bu danışıqlar davam etdirilsin.”

İranın XİN sözçüsü fikirlərini belə davam etdirib:

“İran İslam Respublikası həmişə ərazilərin işğal edilməsilə bağlı müxalif mövqedə olduğunu elan edib və ölkələrin ərazi bütövlüyünə və beynəlxalq sərhədlərə hörmətlə yanaşıb. Bu arada yaxşı qonşuluq mühüm mövzulardandır ki, qonşulardan onun diqqətdə saxlanılması təvəqqe edilir.”

S.Xətibzadə həmçinin İranın şimal-qərb sərhədlərində həyata keçirilən hərbi təlimlə bağlı fikirlərini belə açıqlayıb:

“Bu bir suveren məsələdir, bütün bölgənin sabitliyi və sakitliyi üçündür. Əlbəttə aydındır ki, İran İslam Respublikası Sionist rejimin sərhədlərinin yaxınlığında özünü nümayiş etdirməsinə dözüm göstərməyəcək və bu zəmində milli təhlükəsizliyi üçün lazım olan hər addımı atacaq.”

Qeyd edək ki, prezident İlham Əliyev Anadolu Agentliyinə verdiyi son müsahibəsində İran yük maşınlarının Dağlıq Qarabağ ərazisinə keçməsi və bura yük aparmasını tənqid edib və bu addımı İran tərəfindən Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib.

Prezident İlham Əliyev həmçinin son günlərdə İranın Azərbaycanla sərhədində hərbi təlimin olmasını və onun 30 il işğal dönəmində deyil, məhz son dönəmlərdə keçirilməsinin sual doğurduğunu dilə gətirib.