DÜNYA » SİYASƏT
16 Oktyabr 2021, 14:02 (GMT +4)

Əfqanıstanda məscid partlayışında həyatını itirənlər üçün şəhidlər xiyabanı nəzərdə tutulub (FOTO)

Bakı, 16 oktyabr, SalamNews, B.Samid. Əfqanıstanın Qəndəhar əyalətində şiələrin məscidində törədilən partlayış nəticəsində həyatını itirənlərin hamısı bir şəhidlər xiyabanında dəfn ediləcəklər.

SalamNews AmajNews-a istinadla xəbər verir ki, ötən gün cümə namazında şəhid olanların hamısı bir yerdə İmam-Barigah bölgəsində nəzərdə tutulmuş şəhidlər məzarlığında dəfn ediləcəklər.

Qeyd edək ki, Qəndəhar əyalətində şiələrin Fatimiyyə adlı məscidində ötən gün cümə namazı vaxtı törədilən partlayışda ölənlərin sayı 62-ə çatıb. Bu hücumu İŞİD üzərinə götürüb.

Xatırladaq ki, ötən həftənin cümə günü Künduz əyalətində şiələrin məscidində törədilən partlayış nəticəsində azı 80 nəfər şəhid olmuş və 140 nəfər yaralanmışdı. İŞİD bəyanat yayaraq bu hücumun, təşkilatın Məhəmməd Uyğur adlı üzvü tərəfindən həyata keçirildiyini və bu hücumda "həzarə şiələrin məbədi"nin hədəfə alındığını elan etmişdi.