AZƏRBAYCAN » MƏDƏNİYYƏT
27 Oktyabr 2021, 18:01 (GMT +4)

Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq genişləndiriləcək

Bakı, 27 oktyabr, SalamNews. Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Xorvatiyada səfərdədir.

Mədəniyyət Nazirliyindən SalamNews-a verilən məlumata görə, səfər çərçivəsində Anar Kərimovun Xorvatiyanın mədəniyyət və media naziri xanım Nina Obulyen Korjineklə görüşü keçirilib.

Nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirən nazir Nina Obulyen Korjinek Xorvatiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin və mədəni əlaqələrin inkişafına böyük önəm verdiklərini bildirib. Qeyd edib ki, Xorvatiyada inkişaf etmiş mühüm sahələrdən olan audiovizual sektorun əsas prinsiplərini qarşı tərəflə bölüşməyə hazırdırlar. O, həmçinin 2021-ci ilin Xorvatiyada “Oxu ili” kimi qeyd olunduğunu vurğulayaraq, Azərbaycanla kitab sənayesi, nəşriyyatlararası əməkdaşlığın şaxələndirilməsi, eləcə də tərcümə sahəsinin gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Xanım nazir işğaldan azad olunmuş Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsində Xorvatiyadan olan mütəxəssislərin təcrübələrini bölüşməyə hazır olduqlarını dilə gətirib.