AZƏRBAYCAN » İQTİSADİYYAT
12 Noyabr 2021, 12:50 (GMT +4)

Energetika naziri Britaniya parlamentinin İcmalar Palatasının üzvü ilə görüşüb

Bakı, 12 noyabr, SalamNews. Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə SalamNews-a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə iki ölkə arasında qarşılıqlı strateji münasibətlərin digər sahələrlə yanaşı, energetika sahəsində də uğurla inkişaf etdiyi bildirilib. Neft-qaz sahəsində uzunmüddətli strateji tərəfdaş kimi “bp” şirkətinin Azərbaycandakı fəaliyyətindən bəhs edilib, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasının birgə səylərin nəticəsi olduğu və bu istiqamətdə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyi qeyd olunub. Həmçinin, Azərbaycanda enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması istiqamətində şirkət ilə əməkdaşlığın bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə yaratdığı imkanlar müzakirə edilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı görülən tədbirlər və bu ərazilərdə “bp” şirkəti ilə bərpa olunan enerji sahəsi üzrə birgə əməkdaşlıqdan bəhs edilib. Cəbrayıl rayonu ərazisində nəzərdə tutulan günəş elektrik stansiyası layihəsinin “yaşıl enerji” sahəsində əməkdaşlığa mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin iki ölkə arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq haqqında memorandumdan irəli gələn, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.