AZƏRBAYCAN » İQTİSADİYYAT
18 Noyabr 2021, 18:00 (GMT +4)

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı beynəlxalq quruma üzv seçilib

Bakı, 18 noyabr, SalamNews. Maliyyə Monitorinqi Xidmətinin (MMX) Hüquq departamentinin direktoru Azər Abbasov “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının (CETS 198) Tərəflər Konfransının Bürosuna üzv seçilib.

SalamNews bu barədə Xidmətə istinadən xəbər verir.

Bu qərar beynəlxalq təşkilatlarla aktiv əməkdaşlığın və iştirakçılığın təmin edilməsi çərçivəsində, Tərəflər Konfransının 13-cü Plenar İclasında qəbul edilib.

CETS 198 Konvensiyası 16 may 2005-ci ildə Polşanın paytaxtı Varşavada imzalanıb. Sənədin əsas məqsədi cinayətlərin istintaqı, bu cinayət fəaliyyətlərindən əldə edilən əmlakın axtarışı, izlənilməsi, aşkar edilməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi üzrə beynəlxalq əməkdaşlıq və qarşılıqlı yardımın təşviqidir. Azərbaycan 31 may 2017-ci ildə Konvensiyanı ratifikasiya edib, 2018-2021-ci illərdə Konvensiyası çərçivəsindəki horizontal qiymətləndirmələrdə iştirak edib.