DÜNYA » SİYASƏT
22 Noyabr 2021, 11:29 (GMT +4)

İsrail İranla daha əhatəli və uzun müddətli sazişi dəstəklədiyini bildirib

Bakı, 22 noyabr, SalamNews, B.Samid. İsrail İranla nüvə sazişindən daha uzun müddətli, əhatəli və daha möhkəm sazişi dəstəklədiyini bildirib.

SalamNews Haarets-ə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Beni Qants deyib.

B.Qants ötən gün İsraildə təhlükəsizliklə bağlı keçirilən konfransda çıxışı zamanı İrana qarşı sabiq ittihamlarını təkrarlayıb və eyni zamanda bu ölkə ilə nüvə sazişindən daha əhatəli və uzun müddətli sazişi dəstəklədiyini bildirib.

Onun sözlərinə görə nəzərdə tutduğu saziş İranın nüvə proqramını daha dəqiq nəzarətdə saxlamalı, onun nüvə fəaliyyəti imkanlarını aradan aparmalı və İranı geri qaytarmalıdır.

O, İranı "terrorçu orduları yaradan hegemon" adlandırıb.

Qeyd edək ki, İsrail dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişinin əleyhinədir. 2015-ci ildə əldə edilmiş nüvə sazişi uranın çox aşağı dərəcələrdə zənginləşdirilməsi imkanını İrana verir. İsrail və ABŞ, eləcə də bəzi ərəb dövlətləri İranın ballistik raket proqramı və Yaxın Şərq siyasəti məsələsini də yeni saizşə əlavə etməyə can atırlar. B.Qantsın yuxarıda deyilən tələbləri elə bir halda irəli sürülür ki, Beynəlxalq Stokholm Sülh Mərkəzinin məlumatına görə İsrailin 80-dən çox nüvə başlığı var.