DÜNYA » İQTİSADİYYAT
29 Noyabr 2021, 08:45 (GMT +4)

Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalanıb

Bakı, 29 noyabr, SalamNews, B.Samid. Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.

SalamNews bu barədə İran mətbuatına istinadla xəbər verir.

İmzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədov iştirak ediblər.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.

“Müqavilə müddətsizdir və bu ilin dekabrın 22-dən onun həyata keçirilməsinə başlanılacaq”, - deyə məlumatda bildirilir.

İran SWAP müqaviləsi çərçivəsində Türkmənistan təbii qazını Azərbaycana nəql etməklə 5 əyalətinin qaza tələbatını ödəyə biləcək.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də bu barədə rəsmi tvitter səhifəsində yazıb və bildirib ki, İran bu yolla üç əyalətinin qazını təmin edəcək.