DÜNYA » SİYASƏT
30 Noyabr 2021, 11:42 (GMT +4)

Çin və Rusiya nüvə sazişi danışıqları ilə bağlı ABŞ-a çağırış ediblər

Bakı, 30 noyabr, SalamNews, B.Samid. Nüvə sazişinin bərpası ilə bağlı danışıqlar ötən gündən başlayıb. Çin və Rusiya nümayəndələri İrana qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ-a çağırış ediblər.

SalamNews RT-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Vyanadakı nümayəndə heyəti rəsmi tvitter səhifəsi vasitəsilə İrana qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ-a çağırış ediblər.

Çin nümayəndə heyətinin bəyanatında ABŞ-ın İrana qarşı sanksiyalarının nüvə sazişi ilə ziddiyyət daşıdığı qeyd edilib və bu sanksiyaların hamısının ləğvi tələb edilib.

Eləcə də Rusiyanın Beynəlxalq Təşkilatlardakı nümayəndəsi Mixael Ulyanov rəsmi tvitter səhifəsində ABŞ-ın bildirdiyi “B planı” açıqlamasını və bu yolla İranı təhdid etməsini qınayıb. O bildirib ki, Rusiya nüvə danışıqları fonunda belə açıqlamalara mənfi münasibət sərgiləyir.

Qeyd edək ki, ABŞ 2018-ci ildə nüvə sazişindən (BMT-nin 2231-ci qətnaməsi) birtərəfli qaydada çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. İranda nüvə obyektlərinə qarşı təxribatlardan və bir nüvə aliminin terrora məruz qalmasından sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini azaldıb.