DÜNYA » SİYASƏT
18 May 2022, 10:12 (GMT +4)

“Əl-Cəzirə” telekanalının müxbirinin qətlə yetirildiyi Cenin şəhərinə yenidən hücum edilib, yaralananlar var

Bakı, 18 may, SalamNews, B.Samid. İsrail qüvvələri ilə fələstinlilər arasında Cenində yenidən silahlı qarşıdurma yaranıb. Yaralananlar var.

SalamNews Fələstin Media Mərkəzinin saytına istinadən xəbər verir ki, İsrailin hərbi qüvvələri bu gün sübh yenidən Cenin şəhərinə hücum edib.

İsrailin 40 hərbi avtomobil və zirehli texnikadan ibarət hərbi karvanı Cenin şəhərindəki düşərgəyə daxil olmağa çalışıb. Fələstinlilər yüngül çaplı silahlardan qarşılıq veriblər.

Məlumata görə, bu qarşıdurmada yaralananlar, habelə həbs edilənlər var.

Bu arada fələstinli mənbələr bildiriblər ki, İsrail qüvvələri bu gün səhər işğal altında olan İordan çayının Qərb sahili bölgələrində həyata keçirdikləri basqınlar zamanı azı 17 fələstinlini həbs ediblər.