DÜNYA » SİYASƏT
23 May 2022, 14:27 (GMT +4)

Polşa Rusiya ilə qaz tədarükü ilə bağlı hökumətlərarası sazişi ləğv edib

Bakı, 23 may, SalamNews. Polşa höküməti 1993-cü ildə Rusiya Federasiyası ilə respublikaya qaz tədarükünə dair imzalanmış hökumətlərarası sazişi ləğv etmək qərarına gəlib.

SalamNews xəbər verir ki, bunu "Polşa" radiosunun efirində ölkə hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski deyib.

"Mayın 13-də Mateuş Moravetski Polşa hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında bağlanmış sazişə xitam verilməsi barədə qərar qəbul edib. 30 ildən sonra Polşa ilə Rusiya arasında qaz sənayesində münasibətlərin dayandığını söyləmək olar", deyə Pyotr Naimski bildirib. 

"Yamal-Avropa" qaz kəmərinin Polşa hissəsinin gələcəyi ilə bağlı sualı cavablandıran Naimski qeyd edib ki, bu hissə "Qazprom" və Polşanın "PGNiG" şirkətinin birgə müəssisəsi olan "EuRoPol GAZ"a məxsusdur. Bu sahənin operatoru isə Polşanın "Gaz-System" qaz kəmərləri şəbəkəsinin operatorudur.