DÜNYA » SİYASƏT
23 May 2022, 15:02 (GMT +4)

İsrailin müdafiə naziri İranla nüvə sazişi haqda ABŞ-a çağırış edib

Bakı, 23 may, SalamNews, B.Samid. İsrailin müdafiə naziri İranla nüvə sazişinin bərpası ilə bağlı ABŞ-a çağırış edib və “razılaşmadakı boşluqların doldurulması”nı istəyib.

SalamNews “Times of Israel”-ə istinadən xəbər verir ki, Beni Qants ABŞ-a səfəri çərçivəsində bərpası gözlənilən nüvə sazişi ilə bağlı yenidən ABŞ-a çağırış edib.

“Mən bilmirəm nüvə sazişi olacaq ya yox, lakin əgər burada saziş olacaqasa boşluqlar doldurulmalıdır”, deyə Beni Qants ABŞ hökumətindən nüvə sazişində İrana razılaşmanın bəndlərindən “qaçmağa” icazə verməməyi istəyib.

O, həmçinin ABŞ-ın İnqilab Keşikçiləri Korpusunu qara siyahıdan çıxarmamasını alqışlayıb və bunun “doğru addım” olduğunu deyib.

“Ola bilər ki onlar uranın zənginləşdirilməsi əməliyyatını davam etdirib, araşdırma işlərinin nəticələrini və intişaf etdirilmiş sentrifuqa cihazlarını yığıb saxlayıb, bəlkə də onu daha çox möhkəmləndirilmiş yerlərdə quraşdırıblar. Dünya buna dözüm göstərə bilməz”, deyə Beni Qants ABŞ-ı İrana qarşı sərt addımlara çağırıb.