DÜNYA » SİYASƏT
26 May 2022, 16:10 (GMT +4)

Sosialistlər Dodonun saxlanmasına görə Moldova parlamentinin iclasını boykot ediblər

Bakı, 26 may, SalamNews. Moldova parlamentindəki müxalifət ölkənin eks-prezidenti İqor Dodonun saxlanmasına etiraz olaraq iclası boykot etdiyini açıqlayıb.

SalamNews “İnterfaks” istinadən xəbər verir ki, parlamentin vitse-spikeri, Moldova Sosialist Partiyasının icraçı katibi Vlad Batrinça bu addımını hakimiyyətin müxalifətə məhəl qoymaması və siyasi repressiyalarla hədələməsi ilə əsaslandırıb. 

"Müxalifətin çirkin kampaniyanın qurbanı olması və hücuma məruz qalması qeyri-qanunidir, konstitusiyaya ziddir və qəbuledilməzdir. Biz keçmiş prezident İqor Dodona həyasızcasına hücumun şahidi olduq, oğurlanmış milyardlar qaytarılmayıb, əsl oğrular və cinayətkarlar isə azadlıqdadırlar", deyə Batrınça bildirib. 

Onun sözlərinə görə, parlamentdə sosialistlərin səsi eşidilmədiyi üçün onlar etiraza çıxır, və vətəndaşları bu etirazlara qoşulmağa çağırırlar.