QAFQAZ » SİYASƏT
04 İyul 2022, 12:01 (GMT +4)

Paşinyan ABŞ-ı dost adlandıraraq Vaşinqtonun demokratiya məsələsində liderliyini müsbət qiymətləndirib

Bakı, 4 iyul, SalamNews. Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyan ABŞ prezidenti Co Baydeni ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik ediblər.

SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. 

"Əminəm ki, biz birlikdə strateji dialoq çərçivəsində mövcud qarşılıqlı fəaliyyəti gücləndirə, ikitərəfli gündəliyi zənginləşdirə və tərəfdaşlığı genişləndirə biləcəyik", deyə Xaçaturyanın təbrikində deyilir. 

Prezident ABŞ-ın dəstəyini və regionda sabitliyi qorumaq səylərini yüksək qiymətləndirib.

Paşinyan da öz növbəsində qeyd edib ki, iki dövlət və xalq arasında tərəfdaşlıq ümumi dəyərlərə, qarşılıqlı inam və dostluğa əsaslanır.

"ABŞ-ın demokratiya sahəsində liderliyi təkcə dünyanın müxtəlif yerlərində insan hüquqlarının və qanunun aliliyinin bərqərar olmasında deyil, həm də regionların xalqlarının inkişafı üçün proqnozlaşdırıla bilən və dinc mühitin yaradılmasında mühüm rol oynayır", deyə Paşinyan qeyd edib.