DÜNYA » SİYASƏT
26 Noyabr 2022, 10:56 (GMT +4)

Fuat Oktay: Misirlə münasibətlərin normallaşması prosesi davam edir

Bakı, 26 noyabr, SalamNews, S.Bağırov. Türkiyənin vitse-prezidenti Fuat Oktay iki tərəfin ortaq iradəsi, maraqları və qarşılıqlı hörməti çərçivəsində Misirlə münasibətlərin normallaşmasının davam etdiriləcəyini açıqlayıb.

SalamNews Anadolu.Arabic-ə istinadən xəbər verir ki, Fuat Oktay Türkiyə Böyük Millət Məclisinin Büdcə Komitəsində çıxışı zamanı Yaxın Şərqdə baş verən son geosiyasi dəyişikliklərin region ölkələrinin yanaşmalarında da özünü büruzə verdiyini vurğulayaraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İsraillə ikitərəfli münasibətlərdə yeni mərhələnin başladığını deyib.

Oktay sözlərinə belə davam edib: Misirlə təmaslarımız iki tərəfin ortaq iradəsi, ortaq maraqları və qarşılıqlı hörmət çərçivəsində münasibətləri normallaşdırmaqda davam edir. Ölkəmizin və dövlətimizin maraqlarının tələb etdiyi hər şeyi etmişik və edəcəyik.

Qeyd edək ki, ötən bazar ertəsi prezident Rəcəb Tayyib Ərdoğan Qətər Dünya Kubokunun açılışı zamanı misirli həmkarı Əbdülfəttah Sisi ilə görüşünü iki ölkə arasında yeni bir yola başlamaq üçün atılan ilk addım kimi qiymətləndirib.