DÜNYA » SİYASƏT
03 Dekabr 2022, 15:52 (GMT +4)

İsveç NATO memorandumu çərçivəsində ilk PKK üzvünü Türkiyəyə təhvil verib

Bakı, 3 dekabr, SalamNews. İsveç Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) üzv olmaqda təqsirli bilinən ilk şəxsi Türkiyəyə ekstradisiya edib.  

Bununla da İsveç, Türkiyə ilə imzalanmış, terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan NATO-ya üzvlük memorandumunun həyata keçirilməsi istiqamətində konkret addım atıb.

SalamNews xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb. 

Türkiyədə 6 il 10 ay həbs cəzası alan Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Cümə günü axşam saatlarında Tat İstanbula aparılıb, oradan da hökmün icrası ilə bağlı prosedurların aparılması üçün istintaq təcridxanasına göndərilib.

"Terror fəaliyyətinə görə məhkum edilmiş şəxsin Türkiyəyə ekstradisiyası Buxarestdə NATO ölkələrinin xarici işlər idarələrinin rəhbərləri və iki ölkənin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra baş tutub. 

Görüşün nəticələrinə dair çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İsveçin alyansa qoşulmağa daha qətiyyətli münasibətini qeyd edir, lakin NATO-ya üzvlüklə bağlı memorandumun yerinə yetirilməsi üçün konkret addımlar gözləyir.