Bakıda Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işinə başlayıb (FOTOLENT)03 İyun 2015, 16:14 (GMT +4) Bakı, 3 iyun, SalamNews.Bakıda XXII Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işinə başlayıb.
SalamNews xəbər verir ki, “ITE Group” şirkətinin baş müşaviri Ser Endryu Vud konfransda 30 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyini, ildə bir dəfə keçirilən bu cür görüşlərin həm mütəxəssislər, həm də bütövlükdə neft–qaz sənayesi üçün çox vacib olduğunu deyib.
“Avrasiya enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar sessiyada çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, hər bir ölkə öz enerji mənbələrinin diversifikasiyasında maraqlıdır və bu istiqamətdə çalışır. Avropa ölkələrində ildən-ilə enerji mənbələrinə tələb və bu resursların idxalı artır.
Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Səfa Sadiq Aytəkin isə Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı Trans-Anadolu qaz boru kəmərinin –TANAP-ın əhəmiyyətindən söhbət açıb. “TANAP “Cənub” qaz dəhlizinin ən önəmli hissəsidir və o digər layihələrinin həyata keçirilməsində önəmli rol oynayacaq”, - deyə nazir müavini qeyd edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində əməkdaşlığın möhkəmləndirilməsi” adlı ikinci sessiyada çıxış edərək 20 ildən artıqdır ki, Azərbaycanda həyata keçirilən enerji strategiyasının neft-qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi işinə xidmət etdiyini deyib. Bildirib ki, bununla da Azərbaycan qlobal inkişafa mühüm töhfələr verir.
Konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
İyunun 4-də konfrans işini digər sessiyalarla davam etdirəcək.
|