Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım günüdür19 Sentyabr 2015, 10:53 (GMT +4) Bakı, 19 sentyabr, SalamNews, Ş.Nəzərli. Böyük Azərbaycan şərqşünası, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın anım tarixidir.
SalamNews-un məlumatına görə, Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub.
132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, həmin institutda direktor vəzifəsində çalışıb.
O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib və "Vostoçnı almanax"da çap etdirib.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olub. Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini işləyib. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
|