Əməkdar rəssam Hüseyn Haqverdinin "Qırılma" adlı fərdi sərgisi açılacaq06 Oktyabr 2015, 14:15 (GMT +4) Bakı, 6 oktyabr, SalamNews, Ş.Nəzərli. Əməkdar rəssam Hüseyn Haqverdinin oktyabrın 8-də YAY qalereyasında "Qırılma" adlı fərdi sərgisi açılacaq.
SalamNews xəbər verir ki, özünəməxsus model və ideya təklifi ilə Hüseyn Haqverdi hələ keçən il "Daş" adlı layihəsi ilə sənətsevərlərin qarşısına gəlib.
Rəssamın "Hüdudları aşaraq" adlı növbəti layihəsi Venesiya Biennalesində təqdim olunaraq, dialoq sistemini inkişaf etdirib və yeni bir müstəviyə çıxarıb. Dialoq burada zaman körpüsü konseptini təşkil edərək, bizim dövrü 1960-cı illərin Azərbaycan rəssamlarının andeqraund cərəyanı ilə birləşdirib. Rəssam qaraya boyadığı ağac instalyasiyalarından ibarət labirint ekspozisiyası yaradıb.
Növbəti pillə – "Qırılma" sərgisi – başqa bir palitra, başqa bir hekayə olsa da, əvvəlki kimi dialoq sistemidir, əvvəlki kimi fiziki gerçəklikdən kənara çıxan yaradıcılığın təzahürüdür. Sərgidə sənətkarın yaradıcı dəsti-xəttinə xas olan işlər – qarışıq texnikada hazırlanmış qrafika, rəngkarlıq, daşdan və ağacdan hazırlanmış heykəltəraşlıq əsərləri təqdim olunacaq.
Hüseyn Haqverdi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin (1975) və V.İ. Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbinin (1980) məzunudur. O, Bakı Kafedral Kilsəsində yerləşən Müqəddəs Məryəm heykəlinin, habelə Səngəçal terminalında epik məzmunlu mozaik pannonun, Bakıda rəssam Cavad Mircavadovun və Moskvada bəstəkar Qara Qarayevin xatirə lövhələrinin müəllifidir.
|