Sabah 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisinin açılışı olacaq20 Oktyabr 2015, 15:12 (GMT +4) Bakı, 20 oktyabr, SalamNews. Oktyabrın 21-dən 24-dək Bakı Ekspo Mərkəzində “BakuBuild-2015” 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçiriləcək.
SalamNews xəbər verir ki, bu gün sərgiyə həsr olunmuş mətbuat konfransında İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon sərginin əhəmiyyətindən söz açaraq iştirakçıların sayının ilbəil artdığını vurğulayıb. Onun sözlərinə görə, sərgi ölkənin inkişafının barometri, onun tərəqqisinin əyani göstəricidir.
E.Stroon diqqətə çatdırıb ki, builki sərgidə dünyanın 30 ölkəsindən 535 şirkət iştirak edir, onların da 50 faizi xarici şirkətlərdir. “BakuBuild” sərgisinin ənənələrindən biri də milli stendlərin fəal iştirakıdır. Belə ki, bu il 7 ölkə öz milli pavilyonlarını təqdim edir. Həmin ölkələr arasında sərginin daimi iştirakçıları - Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, eləcə də debütantlar - Çexiya və Hindistan yer alır.
Azərbaycan bazarına həmişəki kimi böyük maraq göstərən Türkiyə istehsalçıları sərgidə iştirak üçün geniş sahəyə malikdirlər. Bütün dünyada iqtisadi vəziyyətin mürəkkəb olmasına baxmayaraq, “BakuBuild” sərgisinin tərkibi yeni şirkətlər sayəsində daha da zənginləşib.
“BakuBuild” sərgisinin meneceri Maya Qafarlı deyib ki, sərgi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
M.Qafarlı sərgidə nümayiş etdirilən məhsulların əvvəlki illərlə müqayisədə çeşidinin artdığını və yalnız bu il dünya bazarına daxil olacaq bir sıra yeni məhsulların təqdim olunacağını bildirib.
Sərginin təşkilatçısı qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.
|