Bakıda həkim-travmatoloqun fərdi rəsm sərgisi açılıb (FOTOLENT)03 Dekabr 2015, 11:10 (GMT +4) Bakı, 3 dekabr, SalamNews, Ş.Nəzərli. “Abşeron” rəsm qalereyasında həkim-travmatoloq Rəhim Həşimovun “Femina” adlı fərdi sərgisi açılıb. Tədbir “Arts Council Azerbaijan”ın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.
SalamNews xəbər verir ki, Rəhim Həşimov Amadeo Modilyani, Qustav Klimt, Anri Matiss kimi rəssamların əsərlərindən ilhamlanaraq portretlər yaradır. O, sərginin açılışında deyib: “Hər rəssam istəyir ki, gözəl olanı əks etdirsin. Kimsə bunu mənzərə, kimsə natürmort yaradaraq həyata keçirir, mən isə qadın portreti çəkirəm. Axı qadın ən gözəl xilqətdir, özü də təkcə zahirən deyil, mənən də gözəldir”.
Rəssamın qadın portretlərində diqqəti ilk növbədə obrazın əlləri çəkir: skripka çalan, gül və cərrah alətləri tutan, içki butulkasını rədd edən əllər. Bu ştrixlər portretdə əks olunmuş qadınların bir növ xarakteristikası da sayıla bilər. Sənətkar bir sıra kollektiv sərgilərdə iştirak edib, əsərləri mühüm vernisajlarda nümayiş olunub.
R.Həşimov Sumqayıtda doğulub. Uşaq vaxtından rəsmə maraq göstərən rəssam Kiyevdə Tibb İnstitutunu bitirib. Sonra incəsənət məktəbini qurtarıb. Sumqayıt təcili tibbi yardım xəstəxanasında on illik həkim-travmatoloq stajı Rəhim Həşimova asudə vaxtlarını fırça və rənglər dünyasına həsr etməyə mane olmur.
Sərgi gələn il yanvarın 10-dək davam edəcək.
Foto: Ş.Nəzərli
|