Binəqədi məktəblilərinin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub17 Fevral 2016, 16:35 (GMT +4) Bakı, 17 fevral, SalamNews. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 9 fevral 2016-cı il tarixli 26 saylı Sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın icrası ilə bağlı yeniyetmə və gənclərin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yaddaşının möhkəmləndirilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyalarının təşkil olunmasına start verilib.
SalamNews xəbər verir ki, təsdiq edilmiş qrafikə uyğun olaraq 30 və 115 №li tam orta məktəblərin şagirdləri “Memorial Soyqırımı Muzeyi”ni ziyarət ediblər.
Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kv.m sahədə yerləşib. Muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində yerləşən "Ana harayı" abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib.
Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Muzeydə həmçinin qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb.
Muzeyin əməkdaşı tərəfindən muzey barədə məktəblilərə ətraflı məlumat verilib. Sonra şagirdlər muzeyin akt zalında ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsgərlərlə görüşündən və milli qəhrəman Mübariz İbrahimovdan bəhs edən videoçarxa baxıblar.
|