Bakıda Azərbaycan-İraq mədəni dəyərlər sərgisi açılıb22 İyul 2016, 13:40 (GMT +4) Bakı, 22 iyul, SalamNews, Ş.Nəzərli. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Azərbaycan-İraq xalqlarının multikulturalizminin, milli dəyərlərinin, tarixi həqiqətlərinin beynəlxalq media və ictimaiyyətə çatdırılması” mövzusunda sərgi keçirilib.
SalamNews xəbər verir ki, sərgi İB-nin “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq, Azərbaycan-İraq mədəni dəyərlər sərgisi və tarixi həqiqətlərimizin beynəlxalq mediada təqdimatı” layihəsi çərçivəsində reallaşdırılıb.
Layihənin rəhbəri və İB-nin sədri Tahirə Məmmədova həyata keçirilən layihə haqqında məlumat verərək bildirib ki, Azərbaycan və İraq xalqlarının multikulturalizm və mədəniyyəti ilə yanaşı, milli dəyərləri qoruyaraq təbliğ etmək, tarixi həqiqətləri beynəlxalq media və ictimaiyyətin diqqətinə çatdırmaq kimi mühüm məqsədlər nəzərdə tutulur.
İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli sərginin əhəmiyyətindən söz açıb və bildirib ki, belə tədbirlərin təşkil olunması iki ölkə arasında bütün sahələrdəki münasibətlərin inkişafına töhfə verəcək.
Sərgidə Azərbaycan-İraq xalqlarının folklor, tarixi-mədəniyyət, incəsənət, geyim, musiqi, mətbəx nümunələri və erməni separatçıların Qarabağda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər nümayiş olunub.
|