Şəkidə TÜRKSOY Teatr direktorları şurasının V toplantısı keçirilib19 Sentyabr 2016, 17:10 (GMT +4) Bakı, 19 sentyabr, SalamNews, Ş.Nəzərli. Şəkidə TÜRKSOY Teatr direktorları şurasının V toplantısı keçirilib.
SalamNews xəbər verir ki, TÜRKSOY təşkilatında Teatr direktorları şurası 2011-ci ildə yaradılıb və ötən müddətdə bir sıra layihələr həyata keçirilib. Türkdilli ölkələrin dramaturqlarının pyeslərindən ibarət 2 almanax çap olunub. Üçüncü almanaxın isə uşaq pyeslərinə həsr olunması planlaşdırılır. Türkdilli dövlətlərdə qarşılıqlı olaraq tamaşaların hazırlanması üzrə müəyyən işlər görülüb, dramaturqlar arasında müsabiqə keçirilib. Lap bu yaxınlarda isə digər azərbaycanlı rejissor Nicat Kazımov Moldovanın Qaqauz Yeri muxtar bölgəsində Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında türk yazıçısı Əziz Nesinin "Öldür məni, can-ciyər" pyesini tamaşaya qoyub. TÜRKSOY-un qərarı ilə "Kitabi-Dədə Qorqud" dastanının 12 boyu üzrə 12 ölkədə teatr tamaşasının hazırlanması nəzərdə tutulur ki, həmin pyeslərin artıq səkkizi səhnələşdirilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bu məlumatları jurnalistlərin diqqətə çatdırarkən müzakirə olunan məsələlər barədə də ətraflı məlumat verib: ”Qarşıda bizi bir sıra yubileylər, teatr festivalları gözləyir. Qazaxıstanın nümayəndəsi, Mangıstau vilayəti N.Janturin adına Musiqili Dram Teatrının direktoru Nurniyaz Muxanov təklif etdi ki, 2018-ci ildə Aktau şəhərində Xəzəryanı ölkələrin teatr festivalı keçirilsin. Biz bu təklifi müzakirə üçün qəbul etdik. Müzakirə zamanı bu festivalın hər il növbə ilə beş Xəzəryanı dövlətdən birində keçirilməsi ideyası da yarandı. Karakanda S.Seyfullin adına Qazax Dram Teatrının bədii rəhbəri Dunay Yespayev isə təklif etdi ki, bu festivallar zamanı görkəmli teatr xadimlərinin iştirakı ilə ustad dərsləri keçirilsin. Bu toplantıya ev sahibliyi edən Azərbaycana gəlincə, Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili belə bir təklif verdi ki, TÜRKSOY-un ortaq teatrı yaradılsın, həmin teatrda da təşkilat üzvü olan ölkə dramaturqlarının əsərləri oynanılsın”.
|