Bakıda görkəmli rəssam Əyyub Hüseynovun yubileyinə həsr olunmuş sərgi açılıb26 Oktyabr 2016, 10:09 (GMT +4) Bakı, 26 oktyabr, SalamNews, Ş.Nəzərli. Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılışı olub.
SalamNews-un xəbərinə görə, açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərginin əhəmiyyətindən söz açıb. Mərhum sənətkarın həyat və yaradıcılığından bəhs edən nazir müavini deyib ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Əyyub Hüseynov daim mənzərə və portret janrlarında müxtəlif mövzularda rəngarəng tablolar yaradıb. Rəssam Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna 10 ildən çox müddətdə rəhbərlik edib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev rəssamın şərəfli ömür yolundan söz açıblar. Qeyd olunub ki, sərgidə rəssamın təxminən 60 illik fəaliyyətinin məhsulu olan 55-dək boyakarlıq və qrafika əsəri nümayiş olunur.
Sonda rəssamın oğlu Elnur Hüseynov atasının xatirəsinə göstərdikləri diqqət və ehtirama görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Yubiley sərgisi oktyabrın 29-dək davam edəcək.
|