KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib03 Noyabr 2016, 15:32 (GMT +4) Bakı, 3 noyabr, SalamNews. Azərbaycan Milli QHT Forumu (MQF) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edir.
SalamNews xəbər verir ki, layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində “İctimai iştirakçılığın təmin olunması, ictimai şuraların yaradılması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi” adlı “dəyirmi masa” keçirilib.
Dövlət, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa”da Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində, həmçinin il ərzində tədbirlər, ictimai müzakirələr təşkil olunur. O, ilk olaraq Kənd Təsərrüfatı Nazirliyinə məktubla müraciət etdiklərini bildirib. MQF-nin prezidenti xatırladıb ki, “İctimai iştirakçılıq” haqqında Qanuna müvafiq olaraq Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Miqrasiya Xidmətində və digər dövlət qurumlarında ictimai şuralar yaranıb.
Ancaq bir neçə nazirlikdə mərkəzi icra hakimiyyətləri ilə yanaşı, yerli icra hakimiyyətlərində, Gəncə Şəhər və Binəqədi Rayon İcra hakimiyyətlərində təşəbbüslər həyata keçirilib. MQF Hüquq Mərkəzinin direktoru Rövşən Nəbiyev slayd təqdimat edərək bildirib ki, layihənin məqsədi “İctimai iştirakçılıq” haqqında Qanunu və ictimai şuraları təşviq etməkdir ki, qalan təşkilatlar da ilin sonuna qədər bu şuraları yaratsınlar.
Layihənin məqsədi vətəndaşların hüquq və azadlıqlarının təmin olunması nöqteyi-nəzərindən, eyni zamanda, vətəndaşların dövlət və hökumət qərarlarının qəbul olunmasında iştiraklarının təmin olunması istiqamətində maarifləndirici işlərin aparılmasıdır. Sonra tədbirdə iştirak edən nazirlik nümayəndələri mövzu ətrafında çıxışlar edərək, ilk öncə bu məsələlərdə dövlət qurumlarına və QHT-lərə uğurlar arzulayıblar, “İctimai iştirakçılıq” haqqında Qanuna müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarında ictimai şuraların yaradılmasının vacibliyini və ictimai şuraların yaradılması, ictimai nəzarətin və şəffaflığın təşviqi ölkəmizin inkişafına dəstək və aparılan islahatlara töhvə verəcəyini bildiriblər. Sonda Rauf Zeyni cənab Heydər Əsədova, nazirliyin əməkdaşlarına öz minnətdarlığını bildirib və bu səmərəli əməkdaşlığın davam etdiriləcəyini söyləyib.
|