“Naşı jurnalistika”nın ömrü uzun sürməyəcək - professor Cahangir Məmmədli (MÜSAHİBƏ)08 Noyabr 2016, 13:57 (GMT +4) Bakı, 8 noyabr, SalamNews, Ş.Nəzərli. “Çox təəssüf ki, indi internet saytlarında, qeyri-peşəkarların əlində olan onlarca qəzetdə dilimizin qaydalarına saymamazlıq, etinasızlıq, dil savadsızlığı, leksika kasıblığı, sintaktik naşılıq hökm sürməkdədir. Təsəllimiz odur ki, bu tipli “naşı jurnalistika”nın ömrü uzun sürməyəcək”.
BDU jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli bunu SalamNews-a müsahibəsində deyib. Ölkə KİV-də çalışan yüzlərlə jurnalistin müəllimi olmuş professorla müsahibənin tam mətnini təqdim edirik.
- Cahangir müəllim, ömrünüzün 50 ilindən çoxu jurnalistika fakültəsi ilə bağlıdır. Bu ömür daim rahat yaşanıb?
- 1964-cü il avqustun sonu həyatımda baş verən bir hadisə - universitetin jurnalistika fakültəsinə qəbul olunmağım həyatımın sonrakı illərinin əsas məzmununu təşkil edir. Hələ orta məktəbin altıncı sinfindən arzuladığım jurnalistika peşəsinə ömrümün bütün anlarında səmimi bir sədaqət göstərdim. Və mən praktik jurnalistikada deyil, nəzəri jurnalistikada çalışmaqdayam. Məni BDU-nun jurnalistika fakültəsinə o zamandan bu günə həyat amalına, təmiz dünyasına, vətəndaşlıq mövqeyinin prinsipiallığına, böyük alimliyinə güvəndiyim professor Şirməmməd Hüseynov bağladı: universiteti bitirən andan məni fakültədə saxladı. Çətin anlarımız, ağrı-acılarımız da çox oldu. Amma görünən odur ki, əgər insan həyatında öz yerini tapırsa, peşəsinə, sənətinə vurğun olursa, onun üçün çətinliklər də, ağrı-acılar da şirindir. Yüzlərlə tələbə-məzunlarımız var ki, onlarla qürur duyuram, elə indinin özündə də bir çətinliyə düşən kimi tükü-tükə yapışdırıram və onlar imkan daxilində problemlərimin həllinə kömək olurlar. Yaxşı oxumağından çox ömrümdə heç vaxt heç nə ummadığım tələbələrimin məzun həyatı mənim ən böyük qürur mənbəyimdir.
- Namizədlik dissertasiyanız “Ədəbi dilin mətbuat üslubu” mövzusunda olub. Ölkə KİV-də ədəbi dilin durumu indi necədir?
- Bəli, mən 1968-ci ildə IV kurs tələbəsi ikən Mərkəzi Komitənin katibi, çox böyük alim və dövlət xadimi Cəfər Cəfərova mətbuatda dilimizin necə korlandığı barədə şagird dəftərində bir məktub yazdım. O da məktubu oxuyub məni idarəyə çağırdı, o məktubun müzakirəsinə dilçi akademikləri, professorları dəvət etdi və mətbuat dili ilə bağlı tədqiqat aparmağı mənə məsləhət gördü. Mətbuat dilinin elmi araşdırmasına belə gəldim. Və elə indi də KİV-in dil problemləri məni çox maraqlandırır. Əlbəttə, peşəkar qəzetlərimizin, teleradiomuzun milli dilə münasibətində elə ciddi problem yoxdur. Amma çox təəssüf ki, indi internet saytlarında, qeyri-peşəkarların əlində olan onlarca qəzetdə dilimizin qaydalarına saymamazlıq, etinasızlıq, dil savadsızlığı, leksika kasıblığı, sintaktik naşılıq hökm sürməkdədir. Təsəllimiz odur ki, bu tipli “naşı jurnalistika”nın ömrü uzun sürməyəcək.
- Jurnalistikamızda meyllərin olduğu şəksizdir. Siz hansını təqdir edirsiz, hansını yox və niyə?
- Bu gün “yeni jurnalistika” kimi təqdim olunan mediada Qərb yönümlü meyllər güclüdür. Sovet senzura sistemindən təzə qurtardığımız 1990-cı illərdə jurnalistikanın Qərb prinsipləri bizə çox parıltılı görünürdü. Qərbin çeşidli media qurumları bizə təlimlər keçir, demokratik mətbuatın prinsiplərini öyrədirdilər. Sən demə, bunda da bir məqsəd varmış: bizim dediklərimizi yerinə yetir, amma biz edənləri siz etməyin! Beləliklə, tez bir zamanda məlum oldu ki, Qərbin demokratiya parıltısı elə parıltı olaraq qalır. Onlar bizim Qarabağ problemimizi, qaçqın və köçkün dərdimizi xarabazara çevirən yurd yerlərimizi... görmək istəmədilər. Belə olduqda mətbuat tarixçilərimiz və millətini sevən nəzəriyyəçilərimiz milli ənənələrə söykənməyi, jurnalistikamızın Həsən bəy Zərdabi, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli , Əhmər bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi maarifçilərin məktəbinə söykənməyin millət üçün daha sərfəli olduğunu ortaya qoydular. Mən klassik jurnalistika ənənələrinə söykənməyi və onu müasir şəraitə uyğun davam etdirməyin tərəfindəyəm. Çünki millətin dərdi, Vətən sevgisi və bunun jurnalistikada ifadəsi, həm də səmimi ifadəsi ancaq klassikaya bağlıdır.
- Azərbaycan mediasını inkişaf etmiş ölkələrin mediası ilə hansı rakursdan müqayisə etmək faydalıdır?
- Azərbaycan mediası indi inkişaf etmiş ölkələrin media sisteminə mənəvi inteqrasiyası baş verməkdədir. Lakin inkişaf etmiş ölkələrin reklam bazarının gücü hər şeyi həll edir. İnkişaf etmiş ölkələrin transmilli qəzet, xəbər portalları və teleradio kanallarına ancaq həsəd aparmaq olar. Lakin biz də inkişafdayıq. Bəzən peşəkar jurnalistə baxışda Qərb də bizdən nəsə öyrənə bilər. Məsələn, jurnalistlərin sosial problemlərinin həllinə dövlət dəstəyi, jurnalistlərə Fəxri adların verilməsi və s. kimi faktları bizə məxsusdur.
- Rəhbərlik etdiyiniz fakültədə tədris imkanlarını kamil hesab etmək olar?
- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tədrisin keyfiyyəti üçün yeni addımlar atılır. Burda çox mükəmməl teleradio tədris studiyası qurulub, "Online" studiyası, “Jurnalist”, “525-ci qəzet”, “Şərq”, “Ədalət” kimi qəzetlərin orta səhifələrində çapı və bununla da Respublika miqyasında yayılması, teleradio sistemi ilə əlaqələrin genişlənməsi, nəzəriyyədən daha çox parktikaya keçid mərhələsi üzərində intensiv iş prosesi tədrisin keyfiyyətinə təsir etməkdədir. Biz indi Türkiyə, Rusiya, ABŞ kimi ölkələrdə magistr tələbələrimizin təhsil almağına diqqəti artırırıq.
- Yalnız ana dilini bilməklə püxtələşmiş jurnalist olmağa inanırsız?
- Xeyr, inanmıram. Xarici dilləri bilmək, təkcə jurnalistlərə deyil, hər bir ixtisas sahibinə gərəkdir. Ona görə də Bakı Dövlət Universitetinin bütün fakültələrində ingilisdilli qruplar açılıb. O cümlədən Jurnalistika fakültəsində də Azərbaycan, rus və ingilisdilli bölmələr mövcuddur. Rus bölməsi lap əvvəllərdəki kimi davam edir, ingilis bölməsinin artıq III kursu mövcuddur. Bundan başqa, Azərbaycan bölməsində tələbələrin istəyindən asılı olaraq ingilis, fransız, alman dilləri qrupları yaradılıb. Çox dil bilmək vacibdən də vacib bir keyfiyyətdir.
- Ölkədə media vasitələrinin sayı tənzimlənməlidirmi?
- Ölkədə media vasitələrinin sayını, miqdarını tənzimləmək çətin olardı. Belə bir təşəbbüs medianı indi inkişafa təkan verən özəl sektorunun genişlənməsinə əngəl ola bilər. Ona görə də miqdarın tənzimlənməsi üzərində deyil, medianın peşəkarlıq problemlərinə diqqət etmək vacibdir. İqtisadi inkişafımızın indiki sürət tempi reklam bazarının inkişafına mütləq təsir edəcək. Jurnalistlərimiz haçansa mütləq hansısa məmurun cibinə göz dikməkdən tamam qurtulub, yalnız reklam bazarı uğrunda rəqabətə girişən zaman medianın indiki qeyri-peşəkar kəmiyyət çoxluğu mütləq aradan qalxacaq. Bazar münasibətləri hər şeyi özü tənzimləyəcək.
- Jurnalistikamızın problemlərini və inkişaf perspektivlərini necə görürsüz?
- Jurnalistikamızın problemləri çoxdur. Bu sahəyə qeyri-peşəkarların doluşması, reklam bazarının zəifliyi, müəyyən məqsədlər üçün böhtan və təhqirlərə yol verilməsi, öz işindəki nöqsanlara görə məmurun jurnalistdən ehtiyat edərək ona rüşvət təklif etməsi və bununla da qeyri-peşəkarın əl-qolunun açılması, “reket jurnalistikası” kimi bir anlayışın hələ də mövcud olması və s. faktlar bizim üzləşdiyimiz problemlərdir. Lakin perspektivdə milli ənənələrə söykənən təmiz, peşəkar jurnalistikanın da meydana çıxacağı labüddür. Mən buna çox inanıram.
- Cahangir müəllim, müsahibəyə görə Sizə təşəkkür edirik.
TANITIM:
Cahangir Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.
1973-cü ildə "Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu" mövzusunda namizədlik dissertasiyası, 2008-ci ildə "Azərbaycanda jurnalistikanın müasir inkişaf meylləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1973-cü ildən BDU Mətbuat tarixi kafedrasına çalışıb. Sonralar Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. 2005-ci ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir. Hazırda həm də fakültədə dekan əvəzi vəzifəsini daşıyır.
"Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi", "KİV-in hüquqi tənzimlənməsi" fənlərini tədris edir. 250 elmi, 1300 publisistik məqalə, 3 monoqrafiya, 4 kitabın müəllifidir.
Elmlər namizədləri və doktorlar yetişdirib.
Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
|