Moskvada MDB İqtisadi şurasının 72-ci iclası keçirilib09 Dekabr 2016, 17:35 (GMT +4) Moskva, 9 dekabr, SalamNews, İ.Rüstəmov. Moskvada Belarus Respublikasının səfirliyində MDB İqtisadi şurasının 72-ci iclası keçirilib.
SalamNews-un Moskva müxbirinin xəbərinə görə, şuranın 2016-cı il üçün nəzərdə tutulmuş sonuncu iclasının gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrinə dair məsələlərin geniş kompleksi, maliyyə və iqtisadiyyat sahələrində aktual məsələlərin həlli ilə bağlı birgə fəaliyyət planının müzakirəsi daxil edilib.
İclas iştirakçıları dəmiryol nəqliyyatı sahəsində razılaşdırılmış tarif siyasətinin yaradılmasının, azad ticarət zonası haqqında müqavilənin müddəalarının yerinə yetirilməsinin, MDB ölklərinin 2020-ci ilədək İqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin həyata keçirilməsinin gedişini müzakirə ediblər.
Bundan başqa, MDB ölkələrinin atom enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində əməkdaşlığına dair çərçivə proqramı, MDB məkanında malların gömrük qiymətlərinin müəyyənləşdirilməsinə nəzarət üçün informasiya mübadiləsi barədə saziş layihəsi, habelə istehlakçıların hüquqi maarifləndirilməsi məsələləri müzakirə olunub.
İclasda bir sıra büdcə və maliyyə, təşkilati məsələlər də nəzərdən keçirilib.
İqtisadi şuranın növbəti iclasının 17 mart 2017-ci il tarixində yenə Rusiya paytaxtında keçirilməsi qərara alınıb.
Bildirək ki, iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib.
|