Mübariz Qurbanlı: Məktəblərdə “Həyat bilgisi” dərsliyilə kifayətlənə bilmərik, dinlə bağlı hərtərəfli təhsil verilməlidir21 Dekabr 2016, 17:01 (GMT +4) Bakı, 21 dekabr, SalamNews, A.İsgəndərova. "Radikal qrupların bizim ölkəmizə gəlməsinə imkan verməməliyik. Buna imkan verməmək üçün heç nəyə laqeyd qalmamalıyıq. İndi dünyada orta məktəblərdə mükkəməl dini biliklər verirlər. Biz də indiki “Həyat bilgisi” ilə kifayətlənə bilmərik. Dinlə bağlı hərtərəfli təhsil verilməlidir. İŞİD radikal dini qruplaşmadır. Bundan əvvəl də bu cür təşkilatlar olub. Bunlar İslamı gözdən salmaq və siyasi məqsədlər üçün yaradılıb."
SalamNews xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı deyib.
DQİDK sədri əlavə edib ki, bütün bunlar böyük geosiyasi məqsədlərə xidmət edir: "Təəssüf ki, İslamdan da siyasi məqsədlər üçün istifadə etmək istəyirlər. Vaxtilə Bağdad şəhəri Yaxın Şərqdə cənnətməkan hesab olunurdu. İraq dinarı çox qiymətli idi. Amma bunları darmadağın etdilər. 60 milyon insan lokal müharibələr səbəbindən yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Suriya əhalisinin üçdə ikisi Suriyadan çıxıb. Əlbəttə, burada udan Suriya deyil”.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda dini maarifləndirmə işini bir an belə dayandırmaq olmaz: “Əgər vaxtında bu məsələlərlə bağlı marrifləndirmə aparılmasa, insanlar gec-tez qaragüruhun təsirinə düşəcəklər. İslam cahilliyə qarşı yaranmış dindir. Cahillik özünü xurafatda göstərir. Dindən siyasi məqsədlər üçün sui-istifadə edilir. "Dünyada baş verən bu hallar bizdən kənardadır və bizə gəlib çatmaz" deməməliyik".
|