DQİDK-nın Masallıdakı növbəti tədbiri “Ənənəvi dindarlıq və radikalizm” mövzusuna həsr olunub28 Dekabr 2016, 17:40 (GMT +4) Bakı, 28 dekabr, SalamNews. Masallı rayonu Çaxırlı kənd məscidi dini icmasında “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, Çaxırlı kənd orta məktəbinin direktoru Allahverən Məmmədov, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbirdə məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, layihə çərçivəsində dini maarifləndirmənin aparılması ilə yanaşı gənc nəslin radikal dini cərəyanlardan qorunması, eləcə də milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması vacibdir.
Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov və başqaları çıxışlarında dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin roluna toxunublar. Tədbirin sonunda iştirakçılara ”Dövlət və din” jurnalı və “Cəmiyyət və din” qəzetinin nüsxələri paylanılıb.
Qeyd edək ki, layihə Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımına əsasən həyata keçirilir.
|