“İslam Həmrəyliyi İli” elan olunması nifaq salmaq istəyənlərə bir cavabdır - Mübariz Qurbanlı18 Yanvar 2017, 10:15 (GMT +4) Bakı, 18 yanvar, SalamNews, K.Orxan. "Bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır. “İslam Həmrəyliyi İli” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır".
SalamNews-un məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Komitə sədri qeyd edib ki, bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçiriləcək ki, bu da müstəqil Azərbaycanımızın müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, böyük siyasi, mədəni tədbirdir, böyük ictimai hadisədir: “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridəqalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.
|