Mübariz Qurbanlı: Azərbaycana gətirilən dini məmulatlar ekspert rəyi aldıqdan sonra yayıla bilər20 Yanvar 2017, 10:54 (GMT +4) Bakı, 20 Yanvar, SalamNews, A.Bayramova. "Azərbaycanda dini etiqad azadlığı haqqında qanun var. Bu qanuna görə ölkədə nəşr edilən və Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar müəyyən ekspert rəyi aldıqdan sonra yayıla bilər".
SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qanunsuz dini kitablara qarşı bu il çərçivəsində reydlərin keçirilməsinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, bir sıra nəşrlər vardır ki, orada məzhəblərarası qarşıdurmanı təşviq edən və yaxud buna çağıran fikirlər öz əksini tapır: "Bu cür kitabların nəşrini və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və yayılmasına gətirib çıxara bilər. Biz görürük ki, dini radikalizmi təşviq edənlər var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahə ilə mübarizədə ekspertiza qrupu fəaliyyət göstərir. Onlar daima bunun üzərində işləyirlər".
|