Dünya şöhrətli Formula 1 pilotu Bakı Şəhər Halqası ilə yaxından tanış olub (FOTO)15 Mart 2017, 16:50 (GMT +4) Bakı, 15 mart, SalamNews, K.Orxan. Dünya şöhrətli Formula 1 pilotu Devid Kulthard 23-25 iyun tarixlərində Bakıda ikinci dəfə keçiriləcək Qran Pri yarışına hazırlıqların görüldüyü ərəfədə ölkəyə səfər edərək Formula 1-in ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.
SalamNews xəbər verir ki, Devid Kulthard Bakı səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı Şəhər Halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerlərini incələyib. Formula 1 yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran Prisindən bir həftə öncə baş tutan bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırladıb və o, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı Şəhər Halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirib.
Williams, McLaren və Red Bull komandalarında çıxış etmiş Devid Kulthard trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan Formula 1 yarışını fərqləndirən əsas məqamları daha yaxından tanış olub. Belə ki, dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə yaxından maraqlanıb. O həmçinin trekin Qız Qalasının qarşısından keçən hissəsinə - 18-ci döngəyə və eyni zamanda trekin iki istiqamətli hissəsinə də baxış keçirib.
Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də oub. Ötən il Williams komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasına ən sürətli şəhər treki ünvanını qazandırmışdı, qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi 378 km/saat təşkil etmişdi.
|