Nigar Arpadarai jurnalistlərə Formula-1 yarışı ilə bağlı son tövsiyə və tapşırıqlarını verib17 İyun 2017, 14:00 (GMT +4) Bakı, 17 iyun, SalamNews, K.Orxan. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu gün yerli media nümayəndələri və fotoqraflar üçün son treninqini təşkil edib.
SalamNews xəbər verir ki, treninqdə media nümayəndələri üçün bütün məlumatlar detallı şəkildə izah edilib. Qeyd edilib ki, artıq iyunun 21-dən etibarən təsdiq məktubu alan hər jurnalist "Holiday İNN" otelində yerləşən Media Akreditasiya Mərkəzinə gələrək akreditasiya kartlarını ala bilərlər. Kartını əldə edən hər bir media nümayəndəsi xüsusi icazə verilən yerlərdə öz reportajlarını apara bilərlər.
Treninqdə çıxış edən Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə son olaraq öz tövsiyə və tapşırıqlarını verib. Bildirib ki, artıq gələn həftədən etibarən bütün dünyanın gözü Azərbaycanda olacaq. Milyonlarla insanın diqqəti Azərbaycan Qran-prisinə yönələcək. Bu səbəbdən akreditasiyadan keçmiş jurnalistləra daha da aktiv olmaları və verilən fürsətdən maksimum istifadə etmələri tövsiyyə olunur.
"Formula-1" yarışı dünyanın bir nömrəli və ən bahalı idman yarışıdır. Dünyanın ən tanınmış iştirakçıları Bakıda olacaqlar.
N.Arpadarai bildirib ki, media nümayəndələri üçün "Hilton" otelində Media Mərkəzi fəaliyyət göstərəcək: "BŞH olaraq biz öz komandamızla da media nümayəndələri ilə birgə çalışacağıq. Jurnalistləri maraqlandıran, onlar üçün qaranlıq qalan hər bir məsələyə aydınlıq gətirməyə çalışacağıq. Qoyulmuş qaydalara uyğun olaraq bütün işlərimizi görəcəyik. Əks halda, hansısa bir media qurumunun qaydalara uyğun olmayan atdığı bir addım onun akreditasiya kartının ləğv edilməsinə, həmçinin gələn il Bakıda keçiriləcək yarışdan məhrum olması ilə nəticələnə biləcək. Bu səbədən də jurnalistlər onlar üçün hazırlanmış qaydalarla tanış olmalıdırlar".
|