KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb30 İyun 2017, 17:34 (GMT +4) Bakı, 30 iyun, SalamNews. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, cari ilin iyun ayında Azərbaycan Respublikasının Cəlilabad rayonunda yetişdirilmiş, Qazaxıstan Respublikasına ixrac olunmuş ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılıb.
KTN-dən SalamNews-a verilən məlumata görə, bununla bağlı bildirik ki, geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılıb və məhsulda sözügedən nematod aşkar edilib.
Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, Qazaxıstan Respublikasından geri qaytarılmış kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. Bu barədə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə əlaqə saxlanılıb, birgə komissiyanın təşkil olunaraq və yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirib.
|