Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günüdür26 İyul 2017, 09:09 (GMT +4) Bakı, 26 iyul, SalamNews. 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günüdür.
SalamNews-un məlumatına görə, ümummilli lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.
1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbulu ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur. Ulu öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub.
Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir.
Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur.
|