Vaqif Əsədov: Yay vaxtı sürücülər rahat, qapalı ayaqqabılara üstünlük verməlidirlər12 Avqust 2017, 14:26 (GMT +4) Bakı, 12 avqust, SalamNews, V.Xaməmmədqızı. "Yayda insanların çoxu mövsümə uyğun olaraq, daban hissəsi açıq ayaqqabılar, barmaqarası tərlik ("vyetnamka"), çəkələk geyməyə üstünlük verir. Bu adi insanlar üçü normal olsa da, sürücülər üçün təhlükəli ola bilər. Belə ki, bəzi sürücülər avtomobili yay ayaqqabıları geyərək idarə edirlər. Belə ayaq geyimləri isə qəzaların baş vermə riskini artırır".
Bu barədə SalamNews-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, qanunvericilikdə ayaq geyimi ilə bağlı heç bir qadağa olmasa da, Dövlət Yol Polisi sürücülərə tövsiyə edir ki, avtomobil idarə edən zaman rahat, qapalı ayaqqabılara üstünlük versinlər:
"Geyim ayağa pərçimlənməlidir. Açıq ayaqqabılarla nəqliyyat vasitəsi idarə edərkən ayaqqabının hər an ayaqdan çıxma, pedala ilişib qalma ehtimalı var.
Ayaqyalın maşın sürmək olmaz, bu zaman narahatlıq olur. Biz də deyirik ki, ayağa boş olan çəkələk tipli geyimlə avtomobil idarə etməyin. Bunun üçün cərimə nəzərdə tutulmur, amma mən məsləhət görürəm, biz tövsiyyə edrik.
Yayda, isti havada ayaqqabınızı çıxarırısınız. Enişli yol olur, sərt yoxuş olur. Bu zaman ayaqqabı firlanıb pedalın altına ilişə bilir və qəza qaçılmaz olur. Həmçinin sürücünün özünün də xəbəri olmadan ayağının altında kiçik daş qırığı, şüşə qırığı qala bilər. Həmin qırıntı pedalla ayağın altı arasında qalsa, sürücü ekstremal vəziyyətdə əyləci bassa, həmin qırıntı onun ayağına batacaq və sürücü özündən asılı olmayaraq ayağını pedaldan çəkəcək. Bu da qəza vəziyyəti yaradan haldır".
Qeyd edək ki, qanunvericilikdə ayaq geyimi ilə bağlı hər-hansı bir qadağa yoxdur. Buna görə də, heç kim cərimə edilə bilməz. Amma təhlükəsizlik üçün avtomobil idarə edərkən belə ayaqqabılar geyilməməlidir.
|