Ucar-Əlikənd mənzilində 9,5 km dəmiryolu əsaslı təmir olunur09 Oktyabr 2017, 12:21 (GMT +4) Bakı, 9 oktyabr, SalamNews. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, bu gün isə Ucar-Əlikənd mənzilində 9,5 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.
Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
Bildirək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 360 km dəmiryolu əsaslı təmir olunub.
|