Bizim ən böyük problemimiz sürücü-piyada münasibətlərinin tənzimlənməsindədir - Vaqif Əsədov02 Noyabr 2017, 10:12 (GMT +4) Bakı, 2 noyabr, SalamNews. Dayanma-durma tələblərinin pozulması ilə bağlı vaxtilə günə 1000 protokol yazılırdısa, indi tədricən sayı aşağı düşüb. Getdikcə tələbi yerinə yetirənlərin sayı artır. Sürücü, hərəkət iştirakçısı cəzalandıqca ona təsir eləyir və müsbət göstəricilər əldə etməyə imkan verir.
SalamNews xəbər verir ki, bu fikirləri Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, hazırda bizim ən böyük problemimiz sürücü-piyada münasibətlərinin tənzimlənməsindədir: "Qalan bütün göstəricilərimiz yaxşıdır. Piyada vurma ümumi hadisələrin 67 faizini təşkil edir ki, bəli, ciddi narahatlıq doğurur. Hadisələr əsasən harada baş verir? Piyada keçidlərində, piyada keçidlərinə yaxın məsafələrdə. Biri deyir "mən yaşlıyam, ora qalxa bilmərəm", biri deyir "nə olar ki". Bütün bunların hamısı bəhanələrdir. Hər bir yol ayrıcına, hər bir avtobus duracağına, piyada keçidlərinin yanına, polis nəfərini sutka ərzində təhkim edib xidmət aparmasını təmin etmək mümkün deyil".
V.Əsədov qeyd edib ki, əgər il ərzində yüzminlərlə protokol yazırdıqsa, bu göstərici aşağı düşüb. Avtomobili sərxoş vəziyyətdə idarə edənlərin sayı da getdikcə azalır. Cəza mexanizminin tətbiq edilməsi müsbət göstəricilər əldə etməyə imkan verir. Təkrar edirəm, yeganə bir mənfi göstərici piyadaların vurulmasıdır. Bununla bağlı da çalışırıq. Hesab edirəm ki, bu məsələdə də təkcə yol polisi əməkdaşları ilə müsbət göstərici əldə etməməliyik. KİV-lərin iştirakı ilə bununla bağlı təbliğat aparmalıyıq. İnsanların şüuruna təsir edəcək şəkildə başa salmalıyıq ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində hər kəsin bir məsuliyyəti var. Sizlərin də iştirakı ilə bununla bağlı təbliğat aparmalıyıq. İnsanların şüuruna təsir edəcək şəkildə başa salmalıyıq ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində hər kəsin bir məsuliyyəti var. Mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən uzaq olsaq, hadisələrin sayı minimuma enər.
|