"BakuBus"-da bir qrup şəxs belə oğurluq etdi (ANBAAN VİDEO)
08 Fevral 2018, 10:54 (GMT +4)
Bakı, 8 fevral, SalamNews. Bir qrup şəxs əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicini oğurlayıb.
"BakuBus" MMC-dən SalamNews-a verilən məlumata görə, hadisə 06.02.2018-ci il tarixində saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə "28 May" m/s-dan "Azadlıq" m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus "99JX-116" dövlət qeydiyyat nişanlı avtobus Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib.
Videogörüntüdən aydın olur ki, üzlərinin kameraya düşməməsi üçün gediş haqqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olur. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayır, daha sonra isə onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün yanlarında götürdükləri kəsici alətlə simi kəsməyə başlayırlar. Öz istəklərinə nail olduqdan sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşırlar.
Həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün tərəfimizdən zəruri hüquqi prosedurlar həyata keçirilir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.